Sentyabrın 29-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə məlumat verib ki, Azərbaycanın hərbi hissələrindən birinin hərbçisi naməlum şəraitdə xidmət yerini tərk edib. Onun Ermənistan Respublikasının sərhədini qanunsuz keçə biləcəyi istisna edilməyib. Bundan sonra Ermənistan və Azərbaycanın səlahiyyətli orqanları müvafiq axtarış işləri aparıblar. Bu barədə MTX məlumat yayıb.
“Oktyabrın 1-də saat 14:15-də Ermənistan DİN-in 112 Operativ İdarəetmə Mərkəzinə Syunik bölgəsinin Şəki yaşayış məntəqəsində Ermənistan vətəndaşının ayağına atəş açılması ilə bağlı məlumat daxil olub.
Hadisə yerinə DİN polisinin müxtəlif bölmələrinin əməliyyat qrupları yollanıb. Hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb. Məlum olub ki, cinayəti Azərbaycan hərbçisi törədib və o saxlanılıb.
Hadisənin təfərrüatları Azərbaycan tərəfinə də təqdim edilib. Ermənistanın İstintaq Komitəsində hadisə ilə bağlı cinayət icraatına başlanılıb”, - məlumatda deyilir.










