Noyabrın 18-də Bakıda Politico-nun müxbiri Azərbaycanın və Almaniyanın xarici işlər nazirlərinə müxalif Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli barədə sual verib.
Azərbaycanın xarici işlər naziri Bayramov cavab verib ki, müxalifət lideri statusu Kərimlini məsuliyyətdən azad etmir, digər suallara isə məhkəmə cavab verəcək. Azərbaycan müxalifətindəki mənbələr ehtimal edirlər ki, Almaniyanın xarici işlər naziri Vadeful prezident Əliyevlə bu mövzunu müzakirə edib. Onlar Vadefulun Politico müxbirinin sualına verdiyi cavabı əsas götürürlər: "Tərəflər bütün məsələləri müzakirə ediblər, “bütün məsələlər” dedikdə isə insan hüquqları və qanunun aliliyi kimi məsələləri nəzərdə tuturuq".
Mühacirətdə olan azərbaycanlı jurnalist Mövsüm Hacıyevin fikrincə, Almaniyanın xarici işlər naziri Kərimlinin işi ilə bağlı məsələlərin müzakirə olunduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın xarici işlər nazirinə insan hüquqlarının üstünlüyünü və Bakının üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsinin zəruriliyini də xatırladıb.
O hesab edir ki, Vadefulun mesajı rəsmi Berlinin Azərbaycandakı enerji və iqtisadi maraqlarına baxmayaraq, siyasi məhbuslar və insan hüquqları məsələlərini gündəmdə saxladığını göstərir. Diqqətəlayiqdir ki, Vadefulun Yerevana gəldiyi gün — noyabrın 18-də Parlamentdə hökumətlə sual-cavab zamanı "Güclü Ermənistan" fraksiyasının deputatının sualına cavab olaraq xarici işlər naziri Ararat Mirzoyan Bakıda saxlanılan erməni əsirlər məsələsinə yenidən toxunub. O bildirib ki, onların həbsdə saxlanılması sülh prosesində irəliləyişə töhfə vermir, lakin Yerevan əvvəlcə sülh müqaviləsini imzalamağa üstünlük verir və hesab edir ki, bu, qalan humanitar məsələlərin həlli üçün daha əlverişli şərait yaradacaq.
Noyabrın 19-da Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə bildirib ki, dekabrda Azərbaycana səfər edəcək. O deyib ki, noyabrın sonunda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Ermənistana gələcəklər. Daha əvvəl Azərbaycan prezidentinin köməkçisi Hacıyev Ermənistana səfər edib. Beləliklə, Alen Simonyan Azərbaycana cavab səfəri edəcək.
Məlum olub ki, Ermənistan və Azərbaycan dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunublar. Almaniyanın xarici işlər naziri Bakıda bildirib ki, Ermənistanın və Azərbaycanın Avropa ilə yaxınlaşmaq barədə qərarları Moskvada qəbul edilməməlidir.
Azərbaycan demokratiya sınağından uğurla keçəcəkmi?
Vahram Atanesyan










