Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi Yerevanın 2808 illiyini təbrik edərək, paytaxtın inkişafına yönəlmiş Aİ-Ermənistan əməkdaşlığını vurğulayıb.
“Tarix və mədəniyyətin qovuşduğu, yeni ideyalar və imkanların isə yeni üfüqlərə yol açdığı şəhər”, - deyə Aİ nümayəndəliyinin təbrik mesajında bildirilir.
Səfirlik qeyd edib ki, Aİ-Ermənistan əməkdaşlığı çərçivəsində Yerevanda su təchizatının yaxşılaşdırılmasına, iqlim və energetika sahəsində təşəbbüslərin həyata keçirilməsinə, ictimai binaların modernləşdirilməsinə və enerji səmərəliliyinin artırılmasına dəstək göstərilib.
Paytaxt nəqliyyatının modernləşdirilməsinə və havanın keyfiyyətinin yaxşılaşdırılmasına da “Ermənistanda sağlamlıq və yaşıl artım naminə təmiz hava” (EU4Clean Air) proqramı çərçivəsində dəstək göstərilib. Bu proqram vasitəsilə havanın keyfiyyətinin monitorinqi stansiyalarının yaradılmasına və müvafiq siyasətin hazırlanmasına dəstək verilib.
Aİ nümayəndəliyi bildirib ki, Yerevanın davamlı inkişafına, sakinlər üçün yeni imkanların yaradılmasına və Avropa ilə əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək üçün fəaliyyətini davam etdirəcək.
“Ad günün mübarək, 2808 yaşlı Yerevan”, - deyə mesajda bildirilir.










