Səfir Qriqor Hakobyan Ermənistanın səfirliyində İran İslam Respublikası Məclisinin İran-Ermənistan parlament dostluq qrupunun rəhbəri Ara Şahverdyanı və üzvləri Geğard Mansuryanı, Seyid Məhəmməd Səadət İbrahimini və Seyid Məhəmməd Camalianı qəbul edib. Bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib.
Görüş zamanı Ermənistan və İranın qanunverici orqanları arasında qarşılıqlı fəaliyyətə, mövcud dostluq qrupları arasında təmasların daha da fəallaşdırılması istiqamətində atılacaq addımlara toxunulub.

Səfir Qriqor Hakobyan İran İslam Respublikasının deputatlarına İranla ikitərəfli münasibətlərdəki son inkişafları təqdim edib, qarşılıqlı hörmət və etimad mühitində münasibətləri daha da dərinləşdirməyə hazır olduqlarını vurğulayıb.

Görüş zamanı regionun kommunikasiya yollarının açılması məsələsinə də toxunulub. Bu kontekstdə Ermənistan səfiri həmsöhbətlərinə TRIPP marşrutu ilə bağlı əldə olunmuş son razılaşmaları və əsas prinsipləri təqdim edib.










