İran və Rusiyanın xarici işlər nazirləri Abbas Əraqçi və Sergey Lavrov Tehranda danışıqlar aparıb, ikitərəfli, regional və beynəlxalq gündəliyin müxtəlif məsələlərini müzakirə ediblər.
Görüşdən sonra keçirilən mətbuat konfransında Lavrov bildirib ki, iranlı həmkarını Ukrayna ətrafındakı vəziyyətin inkişafı barədə məlumatlandırıb. O, həmçinin qeyd edib ki, Moskva ABŞ ilə İran arasında münaqişənin nizamlanmasına dəstək verməyə hazırdır ki, Hörmüz boğazının fəaliyyəti böhrandan əvvəlki normal rejimə qayıtsın.
Lavrov həmçinin Rusiyanın və İranın Cənubi Qafqazda “3+3” formatının irəli aparılması istiqamətində əməkdaşlığını perspektivli hesab edib.
Əraqçi Lavrovla danışıqları səmərəli qiymətləndirib. Onun sözlərinə görə, İran və Rusiya müxtəlif siyasi məsələlər, o cümlədən Fars körfəzi, Qafqaz, Ukrayna və Tehran-Vaşinqton danışıqları barədə mütəmadi məsləhətləşmələr aparırlar.
İranın xarici işlər naziri əlavə edib ki, Yaxın Şərq, Fars körfəzi və Cənubi Qafqazın problemləri və böhranlarının hərbi həlli yoxdur və onlar yalnız diplomatik yolla nizamlanmalıdır.










