Avropa Komissiyasının Genişlənmə üzrə Komissarı Marta Koss Avropa Parlamentində keçirilən brifinqdə bildirib ki, Avropa İttifaqı bloka yaxınlaşdıqca Ermənistanı dəstəkləməyə hazırdır.
“Bu üzvlük öncəsi prosesdə biz konkret dəstək paketlərindən danışmırıq. Bu, Avropa İttifaqının özünün hazırlaşması və namizəd ölkələrə hazır olduğumuz, əgər onlar öhdəsindən gələ bilsələr, biz də öhdəsindən gələcəyimiz barədə siqnal göndərməsi üçün böyük bir yol xəritəsidir”, - deyə o bildirib.
“Biz həmçinin Ermənistanı dəstəkləyirik”, - deyə Koss əlavə edib və qeyd edib ki, Ermənistan Şərq Tərəfdaşlığı üzrə komissar kimi onun məsuliyyət dairəsinə daxildir. “Ölkə həqiqətən də Avropa İttifaqına doğru irəliləyir”, - deyə o bildirib.
Koss viza liberallaşdırılması məsələsində Aİ-nin Ermənistanla əməkdaşlığının vacibliyini vurğulayıb və qeyd edib ki, hazırda Ermənistan Aİ-nin belə bir proses üzrə danışıqlar apardığı yeganə ölkədir.
O, həmçinin Aİ-nin, xüsusən də Ermənistanın Rusiyaya ixracına qoyulan məhdudiyyətlərdən sonra ticarət şaxələndirilməsində Ermənistana dəstəyinə də diqqət çəkib.
Onun sözlərinə görə, Aİ üzv dövlətlərinin və Avropa Parlamentinin dəstəyi ilə İttifaq Ermənistana məhsullarının təxminən 80%-ni gömrük rüsumları olmadan Aİ-yə ixrac etməyə imkan verən muxtar ticarət tədbirləri qəbul edib.
Kos həmçinin Ermənistanın iqtisadi inkişafına yönəlmiş ayrıca bir paketdən də bəhs edib. "Və əlbəttə ki, ölkənin iqtisadi inkişafı üçün xüsusi bir paket var", - deyə Avropa Komissarı bildirib.










