Ermənistan Respublikasının xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Finlandiyanın xarici ticarət və inkişaf naziri Ville Tavio ilə görüşüb. Bu barədə Nazirlikdən məlumat verilib.
Həmsöhbətlər Ermənistan və Finlandiya arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı məsələlərini müzakirə edərək, ikitərəfli siyasi dialoqun müsbət dinamikasını iqtisadi sahədə praktiki nəticələrlə möhkəmləndirməyə qarşılıqlı maraq göstərdiklərini vurğulayıblar.
Ticarət dövriyyəsinin həcminin artırılması, qarşılıqlı investisiyaların təşviqi, işgüzar dairələr arasında təmasların fəallaşdırılması və Ermənistan məhsullarının ixrac bazarlarının şaxələndirilməsi imkanlarına toxunulub. Bu kontekstdə Ermənistan məhsullarına Aİ-nin muxtar ticarət tədbirlərinin tətbiqi müsbət qiymətləndirilib.




Bu kontekstdə birgə təşəbbüslərin və işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə iki ölkənin ticarət və investisiyaların təşviqi qurumları, xüsusilə “Enterprise Armenia” və “Business Finland” agentliyi, eləcə də biznes birlikləri arasında əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb.
Ararat Mirzoyan və Ville Tavio informasiya texnologiyaları, innovasiya, enerji dayanıqlılığı, logistika və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Həmsöhbətlər Ermənistan–Şimali Avropa və Baltik ölkələri səkkizliyi (NB8) formatında əməkdaşlığın inkişafının vacibliyini də vurğulayıblar.










