KTMT ölkələrinin xarici işlər nazirləri təşkilata üzv ölkələrin rəhbərlərinə büdcəyə ödənilməmiş borca görə Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar layihəsi təqdim edəcəklər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Artıq iki ildən çoxdur ki, Yerevan üzvlük haqlarını ödəmir. Bununla əlaqədar Ermənistan Respublikasına münasibətdə KTMT Nizamnaməsinin 25-ci maddəsinin müddəalarının tətbiqi məsələsi qaldırılıb. Müvafiq qərar layihəsi borc tam ödənilənədək Ermənistan vətəndaşlarının təşkilatın orqanlarında kvota üzrə ayrılmış vəzifələrə namizədliyinin irəli sürülməsi hüququnun dayandırılmasını və Ermənistanın səsvermə hüququndan məhrum edilməsini nəzərdə tutur", – Lavrov deyib.
Onun sözlərinə görə, həmin qərar layihəsi sabah Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında müzakirə olunacaq.
"Amma vurğulamaq istəyirəm ki, hətta bu qərarın qəbulundan sonra da erməni həmkarlarımız üçün Kollektiv Təhlükəsizlik Müqaviləsində nəzərdə tutulan bütün əsas hüquqlar, o cümlədən kollektiv təhlükəsizlik hüququnun özü faktiki olaraq qorunub saxlanılacaq", – rusiyalı nazir izah edib.










