Baş nazirin müavini Mher Qriqoryan və vitse-prezident Seyid Həmid Purməhəmmədi Yerevanda Ermənistan Respublikası və İran İslam Respublikasının birgə hökumətlərarası komissiyasının 19-cu iclasına həmsədrlik ediblər. Bu barədə hökumətin mətbuat xidməti məlumat verib.
İclas zamanı iştirakçılar energetika, nəqliyyat, ticarət, infrastruktur və işgüzar əlaqələrin inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində Ermənistan və İran arasında birgə həyata keçirilən proqramların gedişatını müzakirə ediblər.
Tərəflər idarələrarası komissiyanı siyasi öhdəliklərin əməli şəkildə həyata keçirilməsi üçün səmərəli platforma kimi səciyyələndiriblər.
Baş nazirin müavini Qriqoryan çıxışında regionda kommunikasiyaların açılmasının region ölkələri üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib və Ermənistanın suverenlik, ərazi bütövlüyü, yurisdiksiya və qarşılıqlılıq prinsipləri əsasında regional bağlantıları inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.
Baş nazirin müavini bu kontekstdə İran İslam Respublikasının “Sülhün kəsişməsi” təşəbbüsünə dəstəyinin əhəmiyyətini qeyd edib.
Hökumətlərarası komissiyanın iclasının yekununda qarşılıqlı anlaşma memorandumu imzalanıb.










