Rusiya Prezidenti Vladimir Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ilə görüşüb.
Rezayi Tehrana və İran xalqına göstərdikləri dəstəyə görə Rusiya prezidentinə və digər rusiyalı rəsmilərə təşəkkür edib. O, həmçinin rusiyalı rəsmilərin mərhum ali rəhbər Əli Xameneiyə və İranın digər milli xadimlərinə dəstək ifadə edən bəyanatlarını yüksək qiymətləndirib.
Rezayinin sözlərinə görə, görüşdə Rusiyadan İrana qaz kəmərlərinin çəkilməsi və Rusiya qazının tədarükü məsələləri də müzakirə olunub. Onun sözlərinə görə, bu layihələr İrana qaz çatışmazlığını aradan qaldırmağa və Rusiya qazını qonşu ölkələrə yenidən satmağa kömək edə bilər.
Müzakirələrin gündəliyində regional məsələlər, müharibədən sonrakı vəziyyət və regional təhlükəsizlik də yer alıb. Rezayinin bildirdiyinə görə, tərəflər iki ölkə rəhbərliyinin razılaşdırdığı yol xəritəsinə uyğun olaraq strateji əməkdaşlığı davam etdirmək niyyətlərini bir daha təsdiqləyiblər.
Xatırladaq ki, oktyabrın 27-də Putin Qaz İxrac Edən Ölkələr Forumunun səkkizinci sammiti çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşmüşdü. Görüşdə Rusiya prezidenti Yaxın Şərqdə yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edərək Moskva və Tehranın çoxsaylı ortaq maraqlarının olduğunu və onların həyata keçirilməsi istiqamətində çalışdıqlarını qeyd etmişdi. Putin həmçinin Rusiyanın İran ətrafında yaranmış böhranın həllinə dəstək verməyə hazır olduğunu bildirmişdi.










