Yerevan artıq üçüncü ildir ki, KTMT-nin fəaliyyətində fəal iştirak etmir, lakin daimi nümayəndələrin bütün həftəlik məsləhətləşmələrində iştirak edir. Bunu KTMT-nin baş katibi Taalatbek Masadıkov Avrasiya təhlükəsizliyi məsələlərinə dair Minskdə keçirilən IV beynəlxalq konfrans çərçivəsində jurnalistlərə bildirib.
Baş katib əlavə edib ki, iştirak edib-etməmək barədə qərarı Ermənistan hökuməti və xalqı verməlidir.
Masadıkovun sözlərinə görə, Rusiya Federasiyası tərəfindən Ermənistanla bağlı artıq qərar layihəsi təqdim olunub. O, hazırda Ermənistanın təşkilatdan çıxarılması məsələsinin müzakirə olunmadığını açıqlayıb.
KTMT Nizamnaməsinin 25-ci maddəsi üzv dövlətlər öz öhdəliklərini yerinə yetirmədikdə, yəni iki il ərzində təşkilatın büdcəsinə üzvlük haqqı ödəmədikdə onlara qarşı tətbiq oluna biləcək tədbirləri tənzimləyir.
Belə halda ölkə öz vətəndaşlarını KTMT-də kvota üzrə ayrılmış vəzifələrə namizəd göstərmək hüququndan məhrum edilə bilər. Bundan əlavə, Yerevan üzvlük haqları üzrə borcunu tam ödəyənədək təşkilatın orqanlarında səsvermə hüququndan da məhrum edilə bilər.










