Ermənistan Parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sargis Xandanyan noyabrın 23-də Yunanıstan-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Vasilios İkonomunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Parlamentd'n məlumat verilib.
Qonaqları parlamentdə salamlayan Sargis Xandanyan Ermənistanla Yunanıstan arasında tarixi və səmimi dostluq münasibətlərinə toxunaraq, onların daha da dərinləşdirilməsinin və genişləndirilməsinin zəruriliyini vurğulayıb. Komissiya sədri iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatacağına ümid etdiyini bildirib.
Son illərdə ikitərəfli ticarət dövriyyəsinin həcminin artmasına toxunan Sargis Xandanyan Avropa İttifaqının Ermənistandan bir sıra malların gömrük rüsumu olmadan ixracına yaratdığı imkanı nəzərə alaraq, bu göstəricinin daha da yaxşılaşacağına əminliyini ifadə edib. Eyni zamanda, deputatın fikrincə, iqtisadiyyat, mədəniyyət və turizm sahələrində hələ də istifadə olunmamış böyük potensial mövcuddur.
Tərəflər parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının sıx əməkdaşlığını və qarşılıqlı səfərlərin fəallaşdırılmasını əsas amillər hesab ediblər.
Qonaqların xahişi ilə Sargis Xandanyan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesləri barədə ətraflı məlumat verib, həmçinin Ermənistan-Aİ əməkdaşlığının genişlənməsinə toxunub.
Yunanıstan-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri qəbula görə təşəkkürünü bildirərək, ikitərəfli əlaqələrin davamlı möhkəmləndirilməsinə yönəlmiş addımların əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, Yunanıstan Ermənistanın Aİ-yə yaxınlaşmaq səylərini dəstəkləyir.










