Hazırda referendum keçirmək real deyil. Bunu baş nazir Nikol Paşinyan Radio France International-a verdiyi müsahibədə, Rusiya rəsmilərinin Ermənistan-Aİ münasibətləri ilə bağlı referendum keçirilməsi barədə iddialarına toxunarkən deyib.
"Əgər siz mənə sual versəniz, desəniz ki, "Ermənistan Respublikası bu gün Avropa İttifaqının üzvü olmağa hazırdırmı?" Mən səmimi şəkildə deyəcəyəm ki, xeyr, çünki biz hələ bu meyarlara uyğun gəlmək üçün çoxlu islahatlar həyata keçirməliyik. Yəni müraciət etməyin özü artıq prosesin yetkinlik səviyyəsinin müəyyən bir həddə çatdığını nəzərdə tutur. Sadəcə müraciət etmək xatirinə müraciət etmək o qədər də məntiqli deyil, xüsusən də nəzərə alsaq ki, biz ölkəmizdə islahatları mümkün qədər səmərəli şəkildə həyata keçirmək üçün Aİ ilə çox fəal işləyirik”, - deyə Paşinyan bildirib.
O, eyni zamanda vurğulayıb ki, məqsədlər sırasında Rusiya ilə münasibətlərimizin pozulması, pisləşdirilməsi olmayıb, yoxdur və olmayacaq.
“Əksinə, biz Rusiya ilə münasibətlərimizi inkişaf etdirmək istəyirik, sadəcə qeyd etməliyik ki, hər şeydən, siyasi rəhbərlikdən asılı olmayaraq, Rusiya ilə münasibətlərimiz əvvəlki kimi ola bilməz. Dəyişən odur ki, əvvəllər Azərbaycanla münaqişə var idi, indi isə sülh var”, - deyə Nikol Paşinyan bildirib.
Rusiyadan səslənən “Ermənistan ikinci Ukraynaya çevrilə bilər” bəyanatlarına gəlincə, baş nazir qeyd edib: “Düşünürəm və əminəm ki, belə bir şey olmayacaq”.










