Mən vaxtilə bir ifadə işlətmişdim ki, bu da ilkin mərhələdə Ermənistanda müəyyən anlaşılmazlığa səbəb olmuşdu. Mən demişdim ki, müstəqillik az adamdan asılılığın çox adamdan asılılıqla əvəz olunmasıdır. Və biz sadəcə həmin siyasəti həyata keçiririk. Bunu baş nazir Nikol Paşinyan Ermənistan-Rusiya münasibətləri ilə bağlı suala cavab verərkən Radio France International-a verdiyi müsahibədə deyib.
"Bizim siyasətimiz belədir: biz müstəqilliyimizi gücləndirmək, möhkəmləndirmək və inkişaf etdirmək istəyirik. Məhz buna görə biz balanslaşdırılmış və balanslaşdırıcı xarici siyasət yürütməyə başlamışıq. Biz istəyirik ki, xalqımızın da alternativi olsun, pomidor istehsalçımızın da alternativi olsun, içki istehsalçımızın da alternativi olsun, ümumiyyətlə isə bütün təsərrüfat subyektlərimizin həm ixrac, həm də idxal sahəsində alternativləri olsun. Bu, bizim üçün həm də çox mühüm iqtisadi məsələdir. Sizə bir misal çəkmək istəyirəm. Məsələn, əvvəllər Ermənistanda benzin və neft məhsullarının idxalı bazarı çox cəmləşmişdi və xarici mühitdə baş verən hər dəyişiklik səbəbindən biz böyük problemlərlə üzləşirdik. Son illərdə Ermənistana neft məhsullarını artıq bir neçə deyil, onlarla şirkət idxal etməyə başlayıb. Və bu vəziyyət bizə imkan verib ki, dünya bazarında neft məhsulları ilə bağlı mövcud böhranları digər ölkələrə nisbətən daha rahat keçirək. Hətta əlavə edim ki, məsələn, Rusiyada Ukraynanın fəaliyyəti səbəbindən neft məhsulları ilə bağlı problemlər yarandı. Və bu siyasət sayəsində Ermənistan Respublikası həmin problemləri hiss etmədi, baxmayaraq ki, bizim məqsədimiz Rusiyanın benzin və neft məhsulları ilə bağlı problem yaşaması deyil, biz istəyirik ki, özümüz problem yaşamayaq və ya problemlərimizi idarə etmək imkanımız olsun", - deyə o qeyd edib.










