Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin uzun tarixi var. Hələ 2016-cı ildə Ermənistan və Avropa İttifaqı Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişini imzaladılar. Bu, mahiyyət etibarilə, sistemlərimizin yaxınlaşdırılmasına və standartların tətbiqinə aiddir. Bunu baş nazir Nikol Paşinyan Radio France International-a verdiyi müsahibədə, Ermənistanın Aİ-yə üzv olmaq niyyətinin olub-olmaması barədə sualı cavablandırarkən deyib.
“2018-ci ildən sonra biz Avropa İttifaqı ilə münasibətləri yaxınlaşdırmağı davam etdirmişik. 2025-ci ildə hətta Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun da qəbul edildi. Həmin qanun vətəndaş təşəbbüsü ilə qəbul olundu”, - deyə baş nazir qeyd edib.
“Variantlardan biri odur ki, Ermənistan Respublikası Avropa İttifaqının üzvü olsun. Niyə deyirəm ki, bu, variantlardan biridir? Çünki Avropa İttifaqı hələ də öz genişlənmə siyasəti ilə bağlı qərar verməlidir. Təkcə üzv olmaq istəyən ölkənin və ya bu məsələni müzakirə edən dövlətin istəyi kifayət deyil.
Bu gün Avropa İttifaqında da fərqli fikirlər var: o genişlənməlidir, yoxsa yox. Deməli, bu sualın cavabı həm də bundan asılıdır”, - deyə o bildirib.
Lakin Paşinyanın sözlərinə görə, Ermənistan Respublikasının və erməni xalqının strateji məqsədi alternativlər yaratmaqdır.
“Biz uzun müddət elə bir mühitdə və şəraitdə yaşamışıq ki, Ermənistan Respublikası və onun xalqı, o cümlədən xarici münasibətlərdə, geniş alternativlərə malik olmayıb. Bizim vəzifəmiz həmin alternativləri yaratmaqdır.
Nəticə etibarilə, istənilən qərar konkret mühitdə və şəraitdə qəbul olunur. Alternativlər formalaşdırmaqda məqsədimiz birdir: Ermənistan xalqı qərar verə bilməlidir ki, ölkə Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalsın, Avropa İttifaqının üzvü olsun, yoxsa nə Aİ-nin, nə də Aİİ-nin üzvü olmasın.
Eyni zamanda, biz hər bir halda Ermənistan Respublikasında islahatları davam etdirəcəyik ki, onu Avropa İttifaqının standartlarına uyğunlaşdıraq. Əgər hansısa mərhələdə Ermənistan tam və obyektiv şəkildə Aİ üzvü olmağa hazır olsa, o halda məsələ yenidən iki əsas subyektdən asılı olacaq: Avropa İttifaqı bizi qəbul etmək istəyəcəkmi və Ermənistan xalqı bu variantın lehinə səs verəcəkmi?
Hətta Ermənistan obyektiv şəkildə hazır olsa, amma Avropa İttifaqının üzvünə çevrilməsə belə, yenə də ölkə qazanmış olacaq. Bu halda bizim Avropa İttifaqının standartlarına tam uyğun gələn dövlətimiz olacaq”, - deyə Nikol Paşinyan qeyd edib.










