Oktyabrın 29-da Yeni Dehlidə Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Mnatsakan Safaryan və Hindistanın xarici işlər nazirinin müavini, Qərb istiqaməti üzrə katib Sibi Corcun rəhbərliyi ilə Ermənistan Respublikası və Hindistan Respublikasının xarici siyasət idarələri arasında 12-ci siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Ermənistan və Hindistan arasında ənənəvi dostluğa və qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafının gedişi və perspektivləri müzakirə olunub, ikitərəfli qarşılıqlı fəaliyyətin müsbət dinamikasının qorunmasının, yüksək səviyyəli siyasi dialoqun davamlılığının, ikitərəfli gündəliyin genişləndirilməsinə və əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş növbəti addımların əhəmiyyəti vurğulanıb.

Tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın ardıcıl şəkildə möhkəmləndirilməsinə sadiqliklərini bir daha təsdiqləyib, ticarət, müdafiə, yüksək texnologiyalar, səhiyyə və əczaçılıq, rabitə, təhsil, mədəniyyət və turizm sahələrində mövcud potensialdan səmərəli istifadəyə və yeni təşəbbüslərin həyata keçirilməsinə yönəlmiş birgə səylərin əhəmiyyətini vurğulayıblar.
Görüşdə beynəlxalq platformalarda Ermənistan və Hindistan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələsinə toxunulub.
Beynəlxalq və regional hadisələr ətrafında da fikir mübadiləsi aparılıb. Mnatsakan Safaryan həmsöhbətinə Cənubi Qafqazda bərqərar olmuş sülhün institusionallaşdırılmasına yönəlmiş Ermənistan Respublikasının səylərini, eləcə də qarşılıqlı bağlantı və kommunikasiya layihələrinin, o cümlədən Ermənistan hökumətinin “Sülh kəsiməsi” təşəbbüsünün həyata keçirilməsi istiqamətində görülən işlərin gedişini təqdim edib.










