ABŞ-ın Avropa İttifaqındakı səfiri Endryu Pazder xəbərdarlıq edib ki, əgər Brüssel Amerika rəqiblərinin, o cümlədən İlon Maskın SpaceX şirkətinin, Avropa bazarının müəyyən seqmentlərinə çıxışını məhdudlaşdıran proqramları irəlilətməyə davam edərsə, Avropa şirkətləri Vaşinqtonun “dağıdıcı” cavab tədbirləri ilə üzləşəcəklər. Bu barədə Britaniyanın The Financial Times (FT) qəzeti məlumat verib.
Pazderin xəbərdarlığı Avropa Komissiyasının bu il smartfonların birbaşa peyklərə qoşulmasına imkan verən tezlik diapazonunun bir hissəsini Avropa şirkətləri üçün ayırmağı təklif etdiyi bir vaxtda səslənib. Bu, Çin və Amerika şirkətləri, o cümlədən Starlink peyk şəbəkəsini idarə edən SpaceX üçün mövcud tezlikləri məhdudlaşdıracaq.
Tezliklərin bölüşdürülməsi ilə bağlı təklif olunan dəyişikliklər artıq SpaceX-in sərt tənqidinə səbəb olub. Şirkət xəbərdarlıq edib ki, bu addım Ukraynada rabitə keyfiyyətini pisləşdirə bilər; burada Starlink xidməti Rusiyanın silahlı müdaxiləsindən bəri mülki və hərbi kommunikasiyanın təmin edilməsində mühüm rol oynayır.
FT qeyd edir ki, Avropalı siyasətçilər ABŞ prezidenti Donald Trampın gözlənilməzliyi və kritik infrastruktur üçün xarici şirkətlərdən istifadənin yaratdığı risklər fonunda Amerika texnologiyalarından asılılıqlarını azaltmağa çalışırlar.
Amerikalı diplomat bildirib ki, Avropanın dövlət sirri təşkil edən məlumatları qorumaq hüququnu tanıyır, lakin qanunvericilikdən Amerika rəqibləri hesabına yerli şirkətlərə üstünlüklər vermək üçün istifadə edilməməsi barədə xəbərdarlıq edib.










