Bildiyiniz kimi, Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin layihəsi razılaşdırılıb, saziş layihəsi üzrə danışıqlar başa çatıb. Bunu bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Parlamentdə 2024-cü il üçün hökumət proqramının icrasının gedişi və nəticələrinə dair hesabatın müzakirəsi zamanı deyib.
“Bu, o deməkdir ki, biz sazişin imzalanması ilə bağlı müzakirələr mərhələsinə qədəm qoyduq. Və mən bəyan etdim ki, Ermənistan xalqı adından sazişi imzalamağa hazıram”, – baş nazir bildirib. O qeyd edib ki, Azərbaycan sazişin imzalanmasını rəsmi olaraq iki məsələ ilə əlaqələndirir. Bunlardan birincisi ATƏT-in Minsk Qrupu strukturlarının buraxılmasıdır.
“Mən dəfələrlə demişəm ki, bu, Ermənistan üçün başa düşülən bir gündəmdir. Əgər biz Dağlıq Qarabağ münaqişəsinin səhifəsini bağlayırıqsa və bunu ediriksə, münaqişə ilə məşğul olan strukturun mövcudluğunun nə mənası var? Amma ATƏT-in Minsk Qrupunun, ən azı, de-fakto, daha geniş konteksti var. Və biz əmin olmaq istəyirik ki, Azərbaycan Minsk Qrupunun buraxılmasını Azərbaycan ərazisində Ermənistan-Azərbaycan münaqişəsinin bağlanması və onun Ermənistan Respublikasının suveren ərazisinə keçməsi istiqamətində atılan addım kimi görmür. Bu narahatlığı aradan qaldırmaq üçün biz Azərbaycana sülh sazişini və Minsk qrupunun strukturlarının ləğvi ilə bağlı ATƏT-ə birgə müraciəti eyni vaxtda imzalamağı təklif edirik. Yəni sülh sazişini və ATƏT-in Minsk Qrupunun strukturlarının ləğvi ilə bağlı birgə ərizəni masaya qoymaq və həm birincini, həm də ikincini eyni yerdə və eyni vaxtda imzalamaq. Bu, rəsmi təklifdir”, – Paşinyan bildirib.