Keçən həftə ABŞ səhmlərinin dəyərinin 6 trilyon dollara yaxın azalmasına səbəb olan və qlobal bazarları vuran tariflər beynəlxalq ictimaiyyətin diqqətini çəkdi. Al Jazeera yazır ki, tariflər qlobal iqtisadiyyatı tənəzzülə sürükləməklə təhdid etdiyi üçün bütün dünyada geniş şəkildə tənqid olunub.
Bununla belə, Tramp administrasiyası gələcək fəlakətli iqtisadi nəticələrlə bağlı narahatlıqlara məhəl qoymadı. Bazar günü səhər tok-şou müsahibələrində prezidentin baş iqtisadi məsləhətçiləri tarifləri müdafiə edərək, onları qlobal ticarətdə ABŞ-ın mövqeyini gücləndirmək üçün strateji addım kimi təsvir ediblər.
Maliyyə naziri Scott Besant tariflərin açıqlanmasından sonra 50-dən çox ölkənin ABŞ ilə danışıqlara başladığını deyib, lakin o, hansı ölkələrə aid olduğunu açıqlamayıb. Hələlik məlumdur ki, ABŞ-ın müttəfiqləri olan İsrail, Hindistan və İtaliya artıq tariflərdən yayınmaq üçün ABŞ-la danışıqlar aparmaq istəyini ifadə ediblər.
Scott Besant, həmçinin tariflərin ABŞ iqtisadiyyatına təsiri qeyri-müəyyən olaraq qalmasına baxmayaraq, Trump-a "maksimum rıçaq" verdiyini iddia etdi. O, ABŞ-da gözlənilmədən böyük iş artımını əsas gətirərək, tənəzzüllə bağlı narahatlıqları rədd etdi.
ABŞ tarifləri tətbiq etməyə davam edir və daha yüksək "cavab" rüsumlarının çərşənbə günü qüvvəyə minməsi gözlənilir.