Bu gün Azərbaycan 12 ölkəni təbii qazla təmin edir. Onlardan 10-u Avropa ölkəsi, o cümlədən 8-i Avropa İttifaqının üzvüdür. İlham Əliyev bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
“Bizim qazın Avropaya tədarük coğrafiyası, şübhəsiz ki, genişlənəcək, çünki biz artıq bir sıra Avropa ölkələrində qazpaylayıcı şəbəkənin yaradılması üzərində işləyirik. Bəzi ölkələrdə bu var, digərlərində onu genişləndirmək lazımdır. Azərbaycan bunu etməyi planlaşdırır", - Əliyev qeyd edib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi hazırda tam gücü ilə işləyir. Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP həmin dəhlizin üç tərkib hissəsidir və onların genişləndirilməsi üçün maliyyə resurslarına ehtiyac var.
Əliyevin fikrincə, “beynəlxalq maliyyə institutları, o qurumlar ki, faydalı qazıntılarla birbaşa əlaqəli layihələrin maliyyələşdirilməsini dayandırmaq qərarına gəliblər, bu siyasəti dayandırmağa ehtiyac ola bilər”.