Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Ararat Mirzoyanı Rusiya ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə təbrik edərək, bu hadisənin Moskva və Yerevan arasında ikitərəfli əlaqələrin müasir mərhələsinin başlanğıcı olduğunu qeyd edib.
“Rusiya-Ermənistan müttəfiqlik münasibətlərini pozmağa yönəlmiş xarici cəhdlərə baxmayaraq, biz siyasi dialoqu və xarici siyasət koordinasiyasını yüksək səviyyədə saxlamağa, həm ikitərəfli, həm də ümumi inteqrasiya məkanı formatında ticari-iqtisadi əməkdaşlığı artırmağa nail oluruq.
Biz ölkələrimizin vətəndaşlarının mənafeyi naminə tərəfdaşlığımızın daha da dərinləşdirilməsi və səmərəliliyinin artırılması, Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə işi davam etdirməyə hazırıq”, - deyə məktubda bildirilir.
Lavrov Mirzoyana və Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşlarına möhkəm cansağlığı, rifah və peşəkar fəaliyyətlərində uğurlar, erməni xalqına isə firavanlıq arzulayıb.