ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran onun təklif etdiyi razılaşma ilə razılaşmasa, bu ölkə üçün çox, çox pis şeylər olacaq.
"İran yaxından izlədiyim şeylər siyahısında birinci yerdədir. Bildiyiniz kimi, mən bu yaxınlarda onlara məktub göndərdim və dedim ki, seçim etməlisiniz: ya danışacağıq, ya da İranın başına çox pis şeylər gələcək. Mən bunu istəmirəm. Mən İranla işləməyimizə üstünlük verirəm”, - Tramp bildirib.
Bundan əvvəl Tehran Trampın İranın nüvə proqramı ilə bağlı məktubuna cavab verib. İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, cavab məktubunda hazırkı vəziyyətə və ABŞ prezidentinin məktubunda yer alan tezislərə dair İranın baxışı öz əksini tapıb. Əraqçi qeyd edib ki, İranın siyasəti ölkə “maksimum təzyiq” və hərbi təhlükə altında olduğu bir vaxtda dolayı danışıqlar aparmaqdır.