Ermənistan və Qazaxıstanın xarici işlər nazirləri müzakirələri hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdiriblər. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşün əvvəlində nazir Mirzoyan çıxışında qeyd etdi: “Qazaxıstan Respublikasına rəsmi səfərə dəvət etdiyinizə, eləcə də səmimi və qonaqpərvər qəbula görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.
Əvvəla, icazə verin, Sizi keçmiş Novruz bayramı münasibətilə təbrik edim, sizə yeni nailiyyətlər, firavanlıq və uğurlar arzulayıram.
Bu, mənim xarici işlər naziri kimi Qazaxıstan Respublikasına ilk rəsmi səfərimdir. Əminəm ki, bugünkü müzakirələr ikitərəfli gündəliyin bütün spektri, habelə regional və beynəlxalq xarakterli aktual məsələlər üzrə əsaslı fikir mübadiləsi üçün yaxşı imkan yaradacaqdır.
Ötən il dövlətlərimiz arasında ikitərəfli münasibətlərin tarixində mühüm mərhələ oldu. O, yüksək və ən yüksək səviyyəli qarşılıqlı səfərlərlə, eləcə də çoxsaylı birgə tədbirlərlə zəngin olub ki, bu da müxtəlif sahələrdə əməkdaşlığımıza lazımi təkan verib. Qazaxıstan Respublikası Prezidentinin 2001-ci ildən bəri ilk dəfə Ermənistana səfəri həqiqətən də əlamətdar idi, ardınca Ermənistan Prezidentinin səfəri dostluğumuzun və əməkdaşlığımızın dərinləşməsində yeni mərhələnin başlanğıcını simvolizə edirdi.
Əminəm ki, bu il biz ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələri, geniş spektri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığı genişləndirərək, ikitərəfli tərəfdaşlığı gücləndirməyə davam edəcəyik.
Ermənistan Respublikası Qazaxıstan Respublikası ilə tərəfdaşlığı yüksək qiymətləndirir və onun daha da dinamik şəkildə dərinləşməsi üçün səy göstərməyə hazırdır.
Dövlətlərimiz suverenliyi və müstəqilliyi möhkəmləndirmək, eləcə də ölkələrimizin tranzit potensialını artırmaq, milli iqtisadiyyatlarını müasirləşdirmək arzusunda həmrəydir. Bütün bunlar tərəfdaşlıq əməkdaşlığının genişləndirilməsi üçün möhkəm zəmin yaradır.
Yerevan və Astana beynəlxalq və regional gündəlikdəki bir sıra mühüm məsələlərlə bağlı tez-tez ya üst-üstə düşən, ya da çox oxşar mövqelər qəbul edirlər.
Aydındır ki, dinc təşəbbüslərin həyata keçirilməsi yolu ilə regional sabitliyin möhkəmləndirilməsi də bizim məqsədlərimizə uyğundur.
Mən vurğulamağı zəruri hesab edirəm ki, Ermənistan Cənubi Qafqazda sülh gündəliyinə sadiq olub və qalır. Bunu bizim əvvəlki təmaslarımızdan, o cümlədən keçən il Almatıda mənimlə Azərbaycanın xarici işlər naziri arasında keçirilən görüş kontekstində şəxsən bilirsiniz. Xüsusi vurğulamaq istərdim ki, biz Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Sülh sazişi üzrə danışıqların yekunlaşması ilə bağlı Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatlarını yüksək qiymətləndiririk. Bildiyiniz kimi, Ermənistan regionumuzda sülhün bərqərar olması yolunda dönüş nöqtəsi ola biləcək razılaşdırılmış sazişi imzalamağı təklif edib.
Hörmətli Murat Abuğalı, mən təklif edirəm ki, bugünkü görüş zamanı biz, xüsusən ən yüksək səviyyədə qarşıdan gələn ikitərəfli əlaqələri nəzərə alaraq gələcək əməkdaşlığın əsas istiqamətlərini ətraflı müzakirə edək.
Bir daha dəvətə və ənənəvi səmimi qəbula görə təşəkkür edirəm”.
Görüşün yekunlarından sonra Ararat Mirzoyan və Murat Nurtleu mətbuata açıqlama veriblər.