Türkiyə ilə çox konstruktiv dialoqumuz var. Bu dialoq çərçivəsində nə Ermənistan, nə də Türkiyə tərəfi heç bir ilkin şərt irəli sürməyib. Biz açıq şəkildə bildirdik ki, diplomatik münasibətlərin qurulmasında əsas məqsəd Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasıdır. Həmin sərhədi 34 il əvvəl Türkiyə tərəfi bağladı. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Braziliyanın “Correio Braziliense” qəzetinə müsahibəsində Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması perspektivinə toxunaraq deyib.
“Biz müəyyən irəliləyiş əldə etmişik, xüsusən də hava yüklərinin daşınmasına qoyulan qadağa aradan qaldırılıb, birbaşa uçuşlar həyata keçirilib, eləcə də bir sıra digər etimadın möhkəmləndirilməsi tədbirləri həyata keçirilib. Biz razılaşdıq ki, birinci mərhələdə sərhəd üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşları üçün açıla bilər. Lakin bu razılaşma hələ də həyata keçirilməyib.
Türkiyəli tərəfdaşlarımızdan eşidirik ki, onlar Ermənistanla Azərbaycan arasında münasibətlər yekun şəkildə normallaşana qədər Ermənistanla sərhədlərin tam açılmasında təmkin nümayiş etdirirlər. Rəsmi ilkin şərt olmasa da, əslində görürük ki, Türkiyə Ermənistanla münasibətləri Azərbaycanla münasibətlərin normallaşması ilə əlaqələndirir. Lakin biz hesab edirik ki, əgər əvvəlcə Ermənistanla Türkiyə arasında sərhəd açılsaydı, bu, Ermənistanla Azərbaycan arasındakı münasibətlərə də çox müsbət təsir göstərə bilərdi.
Türkiyə ilə əldə olunan konkret razılaşmalar sırasında onu qeyd etmək olar ki, biz ikitərəfli əsasda sərhəd infrastrukturu işlərinə başlamışıq. Artıq erməni və türk mütəxəssisləri Gümri-Qars dəmir yolunun vəziyyətini öyrənirlər. Artıq bu proseslər gedir.
Biz həmçinin əminik ki, Cənubi Qafqazda davamlı sülh humanitar məsələlərdən, o cümlədən itkin düşənlərin və məcburi itkin düşmə qurbanlarının taleyinin aşkarlanmasından asılıdır. Eyni zamanda Bakıda hələ də sahnələşdirilmiş məhkəmə proseslərindən keçən erməni əsirlər var. Biz inanırıq ki, onların dərhal azad edilməsi erməni və Azərbaycan xalqları arasında davamlı sülhün bərqərar olmasına töhfə verə bilər", - Mirzoyan bildirib.