İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Ermənistana rəsmi səfərə gələcək. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, görüş zamanı Ermənistan rəhbərliyi ilə ikitərəfli münasibətlər və Cənubi Qafqaz regionunda baş verən son hadisələrin müzakirəsi planlaşdırılır.
“İran İslam Respublikasının qonşuları ilə ikitərəfli əlaqələr və regional hadisələrlə bağlı davamlı məsləhətləşmələri çərçivəsində xarici işlər nazirimiz bazar ertəsi Yerevana səfər edəcək”, - deyə İsmail Bəqayi bildirib.
Erməni tərəfinin təşəbbüsü ilə keçiriləcək bu görüşdə Əraqçi ER xarici işlər naziri Ararat Mirzoyan, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan və digər hakimiyyət nümayəndələri ilə görüşəcək. İkitərəfli münasibətlərlə bağlı müzakirələrlə yanaşı, Cənubi Qafqazda baş verən son hadisələr də gündəmdə olacaq.