Avropa İttifaqı Şurası tərəfindən Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının mandatının uzadılması onu göstərir ki, Brüssel missiyanın işini Cənubi Qafqazda sabitliyə töhfə verməkdə faydalı alət hesab edir.
Bunu Armenpress-in müxbirinə müsahibəsində Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritter missiyanın mandatının uzadılması, missiyanın gələcək fəaliyyəti, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, eləcə də Azərbaycanın Aİ missiyasına qarşı irəli sürdüyü ittihamlar barədə danışarkən deyib.
Aİ Monitorinq Missiyasının rəhbəri onu da qeyd edib ki, missiyanın Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərdiyi ilk gündən - 2023-cü ilin fevralından Ermənistan və Azərbaycan arasında sərhəd insidentləri əhəmiyyətli dərəcədə azalıb.
- Cənab Ritter, Avropa İttifaqının Monitorinq Missiyası iki ildən artıqdır ki, Ermənistanda, xüsusən də Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərir. Ümumiyyətlə, missiyanın fəaliyyətini və onun Cənubi Qafqaz və Ermənistanın sabitliyi üçün əhəmiyyətini necə qiymətləndirərdiniz?
- Aydındır ki, bizim (red. - Aİ-nin Ermənistandakı Monitorinq Missiyası)2023-cü il fevralın 23-də Ermənistana gəldikdən sonra Azərbaycanla Ermənistan arasında sərhəd və nəzarət xəttində insidentlərin sayı xeyli azalıb. Əminəm ki, bu həmçinin bizim təsirimizdir, sərhəd boyu etdiyimiz patrul xidmətidir və mövcudluğumuzdur ki, insidentlərin azalmasına kömək edir. İnsidentlərin azalmasına təkcə biz deyil, həm də siyasi mühit, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar kömək edir. Əminəm ki, mövcudluğumuzla biz bu ümumi prosesi dəstəkləyirik.
- 2025-ci ilin yanvarında Avropa İttifaqı Şurası Aİ-nin Ermənistandakı missiyasının mandatının daha iki il, 2027-ci ilə qədər uzadılması barədə qərar qəbul edib. Cənab Ritter, bu qərarı necə qiymətləndirirsiniz və missiyanın mandatının uzadılmasını nə dərəcədə vacib hesab edirsiniz?
- Qərarın özü göstərir ki, Avropa İttifaqı bizə (red. Aİ-nin Ermənistandakı Monitorinq Missiyasını nəzərdə tutur) Cənubi Qafqazda sabitliyə töhfə vermək üçün faydalı alət kimi baxır. Bu da aydın olur ki, erməni tərəfi bizim qalmamızı istəyir, çünki biz Ermənistan hökumətinin dəvəti ilə buradayıq və məhz bu razılaşma və ya Avropa İttifaqı ilə Ermənistan hökuməti arasında razılaşmaya əsasən, biz daha iki il qalmalıyıq ki, bu da bizə müsbət baxıldığını göstərir.
- Azərbaycan ardıcıl olaraq Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının fəaliyyətindən narazılığını bildirib, missiyanın Yerevanla Bakı arasında nizamlanma prosesinə töhfə vermədiyini bəyan edib və missiyanı sərhədyanı ərazilərdə kəşfiyyat işləri aparmaqda ittiham edib. Azərbaycanın bu iddialarına necə cavab verərdiniz və sizcə, Bakının bu cür bəyanatlarında məqsəd nədir?
- Dediyim kimi, hadisələrin sayı azalıb, insanlar özlərini daha təhlükəsiz hiss edirlər. Bu bir faktdır və bu bizim işimizin bir hissəsidir. Kəşfiyyat işi ilə bağlı ittihama gəlincə, bu ittiham burada olduğumuz ilk gündən var və biz indi daha əvvəl etdiyimiz işi edirik. Biz heç vaxt bunu dəyişmirik. Sərhəddə və nəzarət xəttində açıq-aşkar patrul edirik. Sərhəddə hardasa gələndə həmişə elə bir vəziyyətdə qalırıq ki, hər iki tərəf bizim orada olduğumuzu görsün. Biz sərhəddə baş verənləri izləyirik. Bu o deməkdir ki, biz təkcə Azərbaycan tərəfinin gördüyü işlərə baxmırıq, həm də erməni tərəfinin nə etdiyini izləyirik, çünki Brüssel sərhəddə vəziyyətin necə olduğunu bizdən bilmək istəyir.
Onlar istəmirlər ki, biz Azərbaycanın nə etdiyini bilək. Beləliklə, biz hər iki tərəfə baxırıq, çünki vəziyyəti Brüsselə çatdırmaq istəyirik, ona görə də biz həmişə açıq şəkildə patrul edirik. Biz heç vaxt bir yerdə gizlənmirik. Bu, əvvəldən bəri etdiyimiz və indi də etdiyimiz şeydir. Bu o deməkdir ki, Azərbaycan tərəfi üçün bizi görmək, harada olduğumuzu görmək çox asandır, çünki biz gizlənmək istəmirik. Onların burada olduğumuzu görməsi yaxşıdır. Hətta müşayiətlə getdiyimiz patrullar üçün də xüsusi nümayəndənin ofisi vasitəsilə bir həftə əvvəl Bakıya xəbər veririk. Bu o deməkdir ki, onlar hətta bizim hara getdiyimizi və hara oldğumuzu əvvəlcədən bilirlər. Bakının bunu niyə etdiyini Bakıdan soruşmaq lazımdır. Hər halda, biz hər iki tərəf üçün əlverişli deyilik, çünki biz bu münaqişə zonasına bir növ beynəlxalq perspektiv gətiririk. Bu, Ermənistan və Azərbaycan tərəfləri üçün o deməkdir ki, baş verənlər barədə bizim, beynəlxalq ictimaiyyətin və xüsusilə Brüsselin xəbəri olmadan onlar sadəcə olaraq heç nəyə başlaya bilməzlər.
-Cənab Ritter, Azərbaycan prezidenti İlham Əliyevin Aİ müşahidəçi missiyasının Ermənistan-Azərbaycan sərhədindən çıxarılması tələbinə cavab olaraq Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bəyan edib ki, Yerevan Bakıya Aİ müşahidəçilərini sərhədin artıq delimitasiya olunmuş hissələrindən çıxarmağı təklif edib. Missiyanın bu məsələdə mövqeyi necədir?
-Keçən ilin sonunda baş nazir Nikol Paşinyanla görüşüm oldu və biz bunu müzakirə etdik. Söhbət bizi sərhəddən çıxarmaqdan getmir, daha doğrusu, razılaşdırılmış, delimitasiya olunmuş və dəqiq müəyyən edilmiş sərhəd bölgələrində bizim artıq birbaşa sərhədə getməyimizə ehtiyac yoxdur. Bizim üçün sərhəd zonasında olmamağımız yaxşıdır, lakin bu o demək deyil ki, biz kəndlərə, təsərrüfatlara baş çəkməyə, sərhədlər daxilində insanlarla danışmağa davam etməyəcəyik. Əgər Ermənistan hökuməti və Azərbaycan tərəfi razılaşsalar ki, biz dəqiq delimitasiya olunmuş sərhəd bölgələrində birbaşa patrul xidmətinə getməməliyik, biz bununla bağlı heç bir problem görmürük.
-Cənab Ritter, missiyanın patrul xidmətlərindən alınan operativ məlumatlara və sərhədyanı rayonlarda görülən işlərə əsaslanaraq, Ermənistan-Azərbaycan sərhədində mövcud vəziyyəti necə qiymətləndirərdiniz? Təhlükəsizliklə bağlı narahat olmaq üçün səbəblər varmı?
-Patrulların gördüyü və xəbər verdiyi odur ki, sərhəddə vəziyyət kifayət qədər sakitdir. Hazırda heç bir insident yoxdur, amma bizim də gördüyümüz və xəbər verdiyimiz odur ki, hər iki tərəf öz mövqelərini gücləndirir. Beləliklə, hər iki tərəf daha pis inkişafa hazırlaşmağa davam edir, bu, göz qabağındadır. Amma biz hazırda heç bir gərginlik görmürük və bu, aylardır belədir, ona görə də regionun yaxşı yolda olduğuna kifayət qədər əminik. Biz isə həmişə deyirik: “Ən pisə hazırlaş, amma ən yaxşısına hazır ol”. Bizə elə gəlir ki, hər iki tərəf bu məsləhətə əməl edir.
-Yaxın vaxtlarda missiyanın ölçüsü və strukturunda dəyişiklik etmək planları varmı?
-Xeyr, birinci mandat dövründəki kimi ikinci mandatda da eyni problem və vəzifə olacaq. Bu, ilk növbədə sərhəddə və cəbhə xəttində patrul etmək və hesabat vermək deməkdir. İkincisi, münaqişənin təsirinə məruz qalmış ərazilərdə yerli əhalinin təhlükəsizlik hissini artırmaq üçün bizim insan təhlükəsizliyi patrul xidmətimizdir. Üçüncüsü, etimadın möhkəmlənməsinə töhfə verən addımlardır.
Biz keçən dekabr ayından etibarən oradakı uşaqlarla, şagirdlərlə söhbət etmək, onlara bizim kim olduğumuzu, Avropa İttifaqının nə olduğunu, Avropa İttifaqının nəyi təmsil etdiyini izah etmək üçün məktəblərə baş çəkirik. Biz gələcəkdə təkcə məktəblərə baş çəkmək istəmirik, həm də işimizi, Avropa ideyasını təbliğ etmək, həmçinin hər kəsə bildirmək istəyirik ki, biz casusluq, kəşfiyyat və ya başqa bir şey etmirik. Biz bu bölgənin sabitləşməsinə kömək etmək istəyən mülki silahsız missiyayıq.
- Cənab Ritter, müsahibə fürsətinə görə təşəkkür edirəm.