Ermənistan Respublikası ilə ABŞ arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Müdafiə Nazirliyinin Hərbi Tibbi Təminat İdarəsinin səhra mobil hospitalı Almaniya Federativ Respublikasının Hohenfels şəhərindəki ABŞ-ın hərbi bazasında keçirilən “Birgə həll-2025” çoxmillətli hərbi təlimdə iştirak edir. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimdə iştirak edən ER Müdafiə Nazirliyinin tibb personalı və ABŞ Milli Qvardiyasının tərəfdaşları birgə yaradılmış qruplarda ağır şəraitdə yaralılara tibbi yardım göstərir, cərrahi müdaxilələr edir, həmçinin təxliyyəni təşkil edir.
Təlimin məqsədləri xəstəxana işçilərinin hazırlıq səviyyəsini artırmaq, real, mürəkkəb şəraitdə işin təşkili üzrə peşəkar bacarıqları təkmilləşdirmək, həmçinin çoxmillətli mühitdə tibbi dəstəyin əlaqələndirilmiş təşkili səviyyəsini maksimuma çatdırmaqdır.