Aİİ-yə üzvlük Ermənistan və digər üzvlər üçün ciddi iqtisadi üstünlüklər verir və bu barədə Yerevan da bəyan edib. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
Onun sözlərinə görə, bu mövzu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 21-də Moskvaya səfəri zamanı da müzakirə olunub. Zaxarova vurğulayıb ki, 2015-ci ildən Ermənistanın Aİİ ölkələrinə ixracı 10 dəfədən çox artıb. O qeyd edib ki, Rusiya ilə ticarət, ilkin məlumatlara görə, 2024-cü ildə 12 milyard dollara çatıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünə görə, bunlar yardım yox, “ədalətli şəkildə əldə edilən gəlirlər”dir.
"Avropa İttifaqına üzvlük kursuna gəlincə, qeyd etmək istərdim ki, bu halda bütün bu üstünlüklər itiriləcək. Əgər siz həmin ittifaqın üzvü deyilsinizsə, müvafiq üstünlüklərdən istifadə etmək imkanınız yoxdur", - Zaxarova bildirib.
Onun sözlərinə görə, bu, Ermənistanın suveren hüququdur. Rusiya vəziyyəti yalnız səmimi şəkildə təqdim edir. Zaxarova qeyd edib ki, hətta ortamüddətli perspektivdə Yerevan Aİİ ölkələri ilə ticarəti alternativlərlə əvəz edə bilməz.