Türkiyə-Ermənistan nizamlanması prosesi üzrə xüsusi nümayəndə, səfir Serdar Kılıç, Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz və Orta Asiya Departamentinin rəis müavini Ayşe Üzər, Xarici İşlər Nazirliyinin nümayəndələri Arif Ekmekçi və Öndər Akgün Ankarada Qars Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Kadir Bozan, İdris Aca və İdarə Heyətinin üzvlərini qəbul edib.
İclasın gündəminin əsas məsələsi Qarsın Akyaka bölgəsində “Şərq Qapısı” sərhəd-keçid məntəqəsinin açılışı, bu prosesin qarslılar üçün əhəmiyyəti və bölgə üçüb sərhəd-keçid məntəqəsinin açılmasının mümkün sosial-iqtisadi nəticələri olub.
Serdar Kılıç prosesi təfərrüatlı şəkildə təqdim edərək, bunu region və ölkə üçün vacib hesab edib.
Kadir Bozan çıxışında qeyd edib: “Biz Azərbaycan-Türkiyə-Ermənistan həll prosesini yaxından izləyirik və inanırıq ki, Azərbaycan-Türkiyə-Ermənistan məsələlərinin həllindən və nizamlamanın həyata keçirilməsindən sonra “Şərq qapısı” sərhəd-keçid məntəqəsinin açılması təkcə Qarsın deyil, həm də region xalqlarının iqtisadi və sosial inkişafına töhfə verəcək. Sərhəd qapısının açılması Qarsın ticarət dövriyyəsini artıracaq, bölgədə məşğulluğu gücləndirəcək, iqtisadiyyatımıza böyük təkan verəcək. Bu mühüm inkişaf eyni zamanda Qarsın regional əlaqələrini gücləndirəcək və beynəlxalq əməkdaşlığı inkişaf etdirəcək”.
O, Qars Ticarət və Sənaye Palatasının regional əməkdaşlığa və iqtisadi inkişafa təkan verən bu cür addımları hər zaman dəstəklədiyini bildirib və həmçinin görüşün Qarsın gələcəyi üçün mühüm yol açacağına ümid etdiyini bildirib.