Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandıqdan sonra baş tutub.
Həmsöhbətlər qarşılıqlı olaraq iki ölkə arasında Strateji Tərəfdaşlığın yaradılmasının vacibliyini vurğulayıblar.
Ararat Mirzoyan və Entoni Blinken Ermənistan və ABŞ arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş gündəlikdəki məsələləri, cari işləri və gələcək addımları müzakirə ediblər.
Nazir Mirzoyan qeyd edib:
“ER-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması son illərdə iki ölkə arasında dinamik əməkdaşlığın və güclü qarşılıqlı öhdəliyin nəticəsidir”.
Ararat Mirzoyan Entoni Blinkenə xartiyanı imzaladığına, Ermənistan-ABŞ ikitərəfli əməkdaşlığının möhkəmlənməsinə verdiyi töhfəyə, eləcə də Ermənistana göstərilən dəstəyə görə təşəkkür edib.
ER xarici işlər naziri və ABŞ dövlət katibi iki ölkə arasında strateji tərəfdaşlığın yaratdığı sektoral əməkdaşlıq təşəbbüslərini və Ermənistanın dayanıqlığını və iqtisadi inkişafını gücləndirmək məqsədinə yönəlmiş yeni imkanları müzakirə ediblər. Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşməsinə yönəlmiş prosesə də toxunulub.
Ararat Mirzoyan və Entoni Blinken regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə, sülhün bərqərar olması imkanlarına, eləcə də mövcud çağırışlara və onların səmərəli şəkildə aradan qaldırılması üçün göstərilən səylərə istinad edilib.
Nazir Mirzoyan vurğulayıb ki, qonşularla münasibətlərin normallaşdırılması, ərazi bütövlüyünə və suverenliyinə tam hörmət, o cümlədən iqtisadi inkişafın əhəmiyyətinin dərk edilməsi ER hökumətinin baxışının mərkəzində dayanır və bundan sonra da atılacaq addımların əsas istiqaməti olaraq qalacaq.