Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa İttifaqına qəbul prosesinin başlanması ilə bağlı qanun layihəsinə Ermənistan hökumətinin müsbət rəy verməsini şərh edib. Onun sözlərinə görə, Rusiya bu müzakirəyə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi baxır.
Overçuk qeyd edib ki, Aİİ və Aİ bir araya sığmır, ona görə də Ermənistan seçim qarşısında qalacaq.
“Aİİ ilə münasibətlərin dayandırılması halında, bir tərəfdən Ermənistanda enerji və ərzaq qiymətləri artacaq, digər tərəfdən isə Ermənistan mallarının ixracı 70-80 faiz azalacaq. Beləliklə, sadə insanlar öz gəlirlərini, iş yerlərini itirəcək, əsas tələbat mallarına daha çox pul ödəyəcəklər. Bunun müqabilində çox güman ki, vizasız gediş-gəliş əldə edəcəklər, Ermənistan isə əhalisinin sayının azaldığını görəcək", - Rusiya baş nazirinin müavini bildirib.
O, Aİİ üzvlüyünün imtiyaz olduğunu əlavə edib və Avropa İttifaqına üzvlüyü “Titanik”ə bilet almaqla müqayisə edib.
Overçuk qeyd edib ki, Rusiya Federasiyası Ermənistanla bağlı iqtisadi siyasətini Respublikada gedən prosesləri nəzərə alaraq quracaq.
Rusiya rəsmisi eyni zamanda bildirib ki, bu, Ermənistan Respublikasının suveren seçimidir.