COP29 iqlim sammiti ötən həftəsonu işini bitirsə də, qlobal istiləşmənin 1.5 dərəcə həddinin saxlanılmasında və iqlim dəyişikliyinin ən pis fəsadlarından yaxa qurtarmaqda yetərli irəliləyişlərə nail ola bilmədi. Bunu "Human Rights Watch" insan haqları təşkilatının ətraf mühit və insan haqları üzrə təmsilçisi Mirto Tilianaki yazır. Məqalədə deyilir ki, tədbirə qatılanlar qlobal istiliklə mübarizə üçün maliyyə hədəfini qəbul etsələr də, gəlişməkdə olan ölkələr bu məbləğin az olduğunu düşünür.
COP28-dən fərqli olaraq, budəfəki konfransın yekun mətnində mədən yanacağından istifadəni azalmaq ehtiyacı ilə bağlı heç bir qeyd yoxdur. "Deməli, bu önəmli məsələdə də irəliləyiş əldə edilməyib", – Tilianaki yazır.
"Tədbirə ev sahibliyi edən Azərbaycanın prezidenti İlham Əliyev isə çıxışı zamanı bildirib ki, mədən yanacağı "Tanrının bəxş etdiyi hədiyyədir". Onun fikrincə, bu yanacağa sahib ölkələrin onun hasilatını genişləndirmək haqları var", – Tilianaki qeyd edir.
Qurum təmsilçisi yazır ki, Azərbaycanda plüralizmin boğulması COP29-da vətəndaş cəmiyyətinin yaxından iştirakını məhdudlaşdırıb. Konfransdan öncə hakimiyyət onlarca jurnalisti, insan haqları fəallarını və digər hökumət tənqidçilərini həbs edib. Azərbaycanda etiraz aksiyaları yasaqlandığından iqlim fəalları rəsmi konfrans zalının həndəvərlərində yürüşə çıxa bilməyiblər. Zalda da şuar səsləndirmək yasaqlandığı üçün etirazçılar səs-küy salmağı yetərli sayıblar.
"İnsan haqları müdafiəçiləri, fəallar, jurnalistlər hakimiyyətin qisasından çəkinib, özünə senzura qoymaqla hökuməti açıq tənqid etməkdən boyun qaçırıblar", – məqalədə deyilir.