Gürcüstanın yeni çağırış parlamenti səlahiyyətlərinin tanınması proseduru ilə ilk iclasına başlayıb.
Sessiyada hakim “Gürcü arzusu” partiyasının parlamentin səlahiyyətlərinin tanınmasının lehinə səs verən 89 deputat iştirak edir. Müxalifət partiyalarından seçilən deputatlar parlamentə gəlməyib və yaxın vaxtlarda deputat mandatlarının təhvil verilməsi ilə bağlı açıqlama vermək niyyətindədirlər.
Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkələrdə yazıb ki, parlamentin yeni tərkibi qeyri-legitimdir, çünki seçkilər saxtalaşdırılıb. O əlavə edib ki, Konstitusiyaya görə, o, birinci sessiyanı çağırmalı idi, amma bunu etmədi.
200-ə yaxın müxalifət tərəfdarı oktyabrda keçirilən seçkilərin nəticələrinə qarşı parlament qarşısında etiraz aksiyalarına başlayıb.