Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin “İzvestiya”ya müsahibəsində bildirib ki, Rusiya Ermənistandan Avrasiyada bərabər və bölünməz təhlükəsizlik sisteminin yaradılması üçün birgə səylərə qoşulmasını gözləyir. Onun sözlərinə görə, Rusiya-Ermənistan müttəfiq əməkdaşlığına, o cümlədən KTMT çərçivəsində real alternativ yoxdur.
Eyni zamanda o bildirib ki, Rusiya Federasiyası əvvəlki kimi həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərinə sadiqdir. Səfirin sözlərinə görə, Moskva Ermənistanla Azərbaycan arasında möhkəm sülhün olmasında maraqlıdır. Ermənistan-Rusiya ticarət-iqtisadi əlaqələrinə toxunan Kopirkin qeyd edib ki, onların dinamik inkişafının katalizatoru böyük ölçüdə Aİİ platformasında əməkdaşlıqdır.
“Qarşılıqlı ticarətimizin təsirli rəqəmləri Aİİ orqanlarının ticarət və inzibati maneələri aradan qaldırmaq üçün səmərəli səyləri olmadan sadəcə mümkün olmazdı”, o deyib.
Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına toxunan Kopirkin qeyd edib ki, bir qayda olaraq, istənilən sülh müqaviləsinin hazırlanması çox çətin və məsuliyyətli prosesdir.
“Təbii ki, Moskva Ermənistanla Azərbaycan arasında möhkəm sülhün tezliklə bərqərar olmasında maraqlıdır. Həmçinin region üçün əhəmiyyətli sənədin tərəflərdən heç biri üçün “acılıq” olmadan, bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslanması da vacibdir”, - deyə səfir bildirib.
Kopirkin bəyan edib ki, Rusiya Federasiyası Ermənistan, Rusiya və Azərbaycan başçıları arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların ruhuna və hərfinə uyğun olaraq ikitərəfli münasibətlərin tənzimlənməsində erməni və azərbaycanlı tərəfdaşlarına hər zaman kömək etməyə hazırdır.