Noyabrın 19-da COP29 çərçivəsində "İqlim ədaləti mülki məkan və əhəmiyyətli iştirak olmadan mümkün deyil" mövzusunda debatlar keçirilib, Turan yazır.
Tədbiri Human Rights Watch, Amnesty International və bir sıra digər hüquq- müdafiə strukturlar təşkil ediblər.
Debatlarda Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti institutlarının faktiki iflic vəziyyətində olması xüsusi qeyd olunub. Ölkədəki qeyri-hökumət təşkilatları qeydiyyat problemlərilə üzləşirlər, ölkədə işləməsi faktiki qadağan edilmiş beynəlxalq təşkilatlardan maliyyələşmə əldə edə bilmirlər.
Görüş zamanı Azərbaycanda siyasi məhbuslar probleminin olduğu da qeyd edilib. Onların sayı 300-ü ötür. Tədbirdə Azərbaycan hakimiyyəti siyasi məhbusları, o cümlədən jurnalistləri azad etməyə, müstəqil vətəndaş cəmiyyəti institutlarının və azad medianın sərbəst fəaliyyəti üçün şərait yaratmağa çağırılıb.