Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O'Flaerti prezident İlham Əliyevi hüquq müdafiəçilərini, jurnalistləri və fəalları həbsdən azad etməyə çağırıb, Turan agentliyi bildirir.
Noyabrın 18-də Avropa Şurasının mətbuat xidməti müraciətin mətnini dərc edib. Məktubda komissar "hakimiyyətdən öz qanuni fəaliyyətinə və ya fikir ayrılığına və ya tənqidi fikirlərini ifadə etdiyinə görə həbsdə olan bütün hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal azad etməyi, onların barəsində cinayət ittihamlarını, o cümlədən sərhədi keçməyə qadağa daxil olmaqla, məhdudiyyətlərlə bağlı ittihamları ləğv etməyi xahiş edir".
Komissar "hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının cinayət hüququndan sui-istifadə edilməklə və qanunun aliliyi pozulmaqla özbaşına həbs edilməsi və saxlanılması ilə bağlı narahatedici tendensiyasını" qeyd edir.
O, təkidlər Azərbaycan hakimiyyətini "assosiasiya, dinc toplaşma və ifadə azadlığı, habelə hüquq müdafiəçilərinin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının vəziyyəti ilə bağlı bütün qanun və təcrübələrin Avropa Şurasının insan hüquqları sahəsində standartlarına uyğun olmasına, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarının tam yerinə yetirilməsi yoluyla təmin edilməsinə" çağırır.