Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü şərh edərək, hələlik dəqiq razılaşmanın olmadığını qeyd edib.
Bayramovun sözlərinə görə, üz-üzə təmaslar danışıqlar prosesinin mühüm komponentlərindən biridir, lakin hazırda Azərbaycan tərəfi COP29-a diqqət yetirib.
“Ona görə də dekabr ayına qədər görüşlərin keçirilməsi mümkün deyil. Dekabr və ya yanvar sonrakı məsələdir. Bununla bağlı hələlik dəqiq razılaşma yoxdur. Eyni zamanda, sənəd üzərində iş davam etdirilir”, - deyə Azərbaycanın xarici işlər naziri bildirib.
O, nəqliyyat kommunikasiyalarının açılması məsələsinə də toxunub və qeyd edib ki, bu istiqamətdə hələ də açıq məsələlər mövcuddur.
“Azərbaycan öz ərazisində nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı artıq uzun müddətdir işləri sürətlə aparır və həmin infrastruktur Ermənistanla sərhədə kimi yaxın zamanda çatdırılacaq”, - Bayramov qeyd edib.