Paris prokurorluğu Fransanın “Milli Birlik” (keçmiş “Milli Cəbhə”) partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penin beş il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Bu barədə noyabrın 13-də BFM TV məlumat yayıb.
Məhkəmə ittihamları qəbul edərsə, 56 yaşlı Le Pen də 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək, çünki ona eyni müddətə dövlət vəzifəsində işləmək qadağan olunacaq. İttiham tərəfi partiyanın iki milyon avro cərimələnməsini də istəyib.
Sentyabrın 30-da Paris Cinayət Məhkəməsində Marin Le Penin rəhbərlik etdiyi “Milli Birlik” rəhbərliyinin işi üzrə məhkəmə prosesi başlayıb. Le Pen və 20-dən çox partiya nümayəndəsi Avropa İttifaqının vəsaitlərini mənimsəməkdə və saxta yolla Avropa Parlamentinin deputatlarına köməkçilər tutaraq partiyanı gizli maliyyələşdirməkdə ittiham olunur. Bu ittiham üçün maksimum cəza on ilə qədər həbsdir. Ümumi zərərin 7 milyon avro olduğu bildirilir.