Haaqa Məhkəməsi “Ermənistan Azərbaycana qarşı” işi çərçivəsində Bakının təqdim etdiyi ilkin 2 etirazı rədd edib.
Bu gün açıq iclasda məhkəmə "Ermənistan Azərbaycana qarşı" işi üzrə Azərbaycanın təqdim etdiyi ilkin etirazlara dair hökmünü açıqlayıb.
Qeyd edək ki, 2021-ci il sentyabrın 16-da “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tələblərinin pozulması ilə bağlı Ermənistan Azərbaycana qarşı işlərə başlayıb. 21 aprel 2023-cü ildə Azərbaycan Məhkəmənin yurisdiksiyasına dair ilkin etirazlarını bildirib və məhkəmənin qərarının dərc edilməsinə qədər iş dayandırılıb. 25 aprel 2023-cü il tarixli qərarı ilə Ermənistan Azərbaycanın ilkin etirazları ilə bağlı öz yazılı müşahidələrini və mövqeyini təqdim edib.
Məhkəmənin sədri, hakim Nav-af Salam qeyd edib ki, Ermənistan öz ərizəsində Azərbaycanın onilliklər ərzində dövlət irqi ayrı-seçkilik siyasətini həyata keçirməklə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın bir sıra müddəalarını pozduğunu iddia edir. Ermənistan konkret olaraq iddia edir ki, dövlətin anti-erməni siyasəti nəticəsində ermənilər sistematik ayrı-seçkiliyə, kütləvi qətllərə, işgəncələrə, zorakılığa məruz qalıblar.
“Məhkəmə qəbul edir ki, Ermənistan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın 22-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq 36-cı maddənin birinci hissəsi üzrə yurisdiksiyanın yaradılması üçün Məhkəməyə müraciət edib. Azərbaycan iki ilkin etirazını irəli sürüb.
1. “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın 22-ci maddəsində nəzərdə tutulmuş danışıqların ilkin şərtini yerinə yetirmədiyinə görə Məhkəmənin yurisdiksiyasının olmadığını iddia etmək;
2. Azərbaycan iddia edir ki, Ermənistanın bəzi iddiaları “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın 22-ci maddəsinə uyğun olaraq predmetin yurisdiksiyası çərçivəsində məhkəmənin yurisdiksiyasına tabe deyil”.
Məhz bu etirazlar Haaqa Məhkəməsi tərəfindən rədd edildi.