Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 11-də Stokholmda İsveçin beynəlxalq inkişaf əməkdaşlığı və xarici ticarət naziri Benjamin Dusa ilə görüşüb.
Həmsöhbətlər iki ölkə arasında siyasi dialoqa uyğun olaraq ikitərəfli iqtisadi əməkdaşlıq və ticarətin təşviqi imkanlarını müzakirə ediblər. Birgə səylərlə, o cümlədən investisiyaların təşviqi yolu ilə işgüzar əlaqələrin fəallaşmasına töhfə vermək barədə razılıq əldə olunub.
Ermənistanda aparılan demokratik islahatlara, bu yolda həmfikir tərəfdaşlarla əməkdaşlığın və dəstəyin vacibliyinə toxunulub. Bu kontekstdə nazir Mirzoyan qeyd edib ki, ER ölkədə demokratik təsisatların inkişafı, potensialın gücləndirilməsi sahəsində İsveç, eləcə də digər Aİ-yə üzv ölkələrlə sıx əməkdaşlığı yüksək qiymətləndirir.
Ararat Mirzoyan və Benjamin Dusa, həmçinin regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Bu kontekstdə nazir Mirzoyan Aİ-nin Ermənistandakı monitorinq missiyasının mövcud şəraitdə sabitliyin təmin edilməsinə töhfə verən amil kimi əhəmiyyətini vurğulayıb. ER xarici siyasət idarəsinin rəhbəri onu da qeyd edib ki, Ermənistan öz qonşuları ilə münasibətlərin tənzimlənməsi və Cənubi Qafqazda sabit sülhün bərqərar olması üçün gündəm qəbul edib ki, bu da öz növbəsində regional iqtisadi inkişaf, regional kanalların Qərb-Şərq logistika şəbəkəsinə səmərəli cəlb olunması üçün müsbət ilkin şərait yarada bilər.