Böyük Britaniya siyasətçiləri və neft sənayesi ilə yaxın əlaqələrinin olduğu deyilən bir lobbi şirkətinə Azərbaycanın avtoritar rejiminin imicini bu ay keçiriləcək COP29 ərəfəsində yaxşılaşdırmaq məqsədilə 4,7 milyon dollar ödənilib. Bu barədə Avstraliyanın “Democracy for sale” təşkilatının “iPaper” və “SourceMaterial” ilə birgə apardığı araşdırmasında deyilir, abzas.org yazır.
Üç təşkilatın birgə araşdırması göstərir ki, “Teneo” şirkəti ilə müqavilənin bir hissəsi kimi onun britaniyalı məsləhətçilərindən birinə “part-time əsasda” işləmək qarşılığında “aylıq 25 000 dollar ödəniş və 50 000 dollar bonus” ödəniləcək.
Araşdırmaçılar iddia edirlər ki, “Teneo”da Britaniyanın sabiq baş naziri Boris Consonun keçmiş biznes müşaviri Aleks Hikman çalışır. Şirkətin Londondakı baş idarəedici direktoru isə Britaniyanın digər sabiq baş naziri Toni Bleyerin keçmiş xüsusi məsləhətçilərindən biri olan Patrik Laflandır.
Sənədlərə görə, bu şirkətin vəzifələrinə “media təlimi”nin keçirilməsi və sammitin ev sahiblərinə “tezislərin hazırlanması” ilə bağlı məsləhətlərin verilməsi daxildir. Kampaniyaya “Teneo”nun qlobal strategiya üzrə prezidenti, əvvəllər Azərbaycanın ən böyük xarici investoru olan neft nəhəngi BP-nin baş icraçı direktoru Ceff Morrell rəhbərlik edir.
İqlim kampaniyası qrupları “Teneo”nu Azərbaycanın imicinin “yaşıllaşdırılmasına” kömək etməkdə ittiham edirlər.
“Azərbaycan kimi neft ölkələrinə kömək edən şirkətlər… “yaşıl yuyulmada” əlbirdirlər”, - “Global Witness” təşkilatının baş araşdırmaçısı Lela Stenli belə deyib.
“Teneo” və Azərbaycan hökuməti araşdırmaçıların suallarını cavablandırmaqdan imtina ediblər.