Oktyabrın 27-də ATƏT və AŞPA müşahidə missiyaları Gürcüstandakı parlament seçkiləri ilə bağlı ilkin dəyərləndirmələrini açıqlayıblar.
Missiyanın yaydığı bəyanatda deyilir ki, seçicilərə 18 namizəddən ibarət siyahı təklif olunub və namizədlər ümumilikdə azad kampaniya apara biliblər. Ancaq parlament seçkilərində dərin qütbləşmə, bu yaxınlarda qəbul edilmiş qanunlarla bağlı narahatlıq və onların fundamental azadlıqlar və vətəndaş cəmiyyətinə təsiri səsvermə prosesinə kölgə salıb.
ATƏT həmçinin seçki kampaniyasından bölücü ritorikanın yer aldığını, seçicilərə təzyiqlərlə bağlı irimiqyaslı xəbərlərin olduğunu vurğulayıb.
ATƏT müşahidə missiyasının rəhbəri Paskal Alizar deyib ki, seçki yaxşı təşkil olunsa da, onlar bir sıra çatışmazlıqlar müşahidə ediblər. Bunlar sırasında seçkinin qütbləşmiş mühitdə keçməsi, seçicilərə təzyiq və qorxu faktlarının olması, rəqiblər arasında maliyyə resurslarının disbalansı, KİV sahəsində qütbləşmənin olması, partiyaların seçki siyahısında kifayət qədər qadının təmsil olunmaması yer alıb.