ABŞ prezidenti Co Bayden Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana məktub göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab Baş nazir,
Mən sizin ölkənizin və Azərbaycan arasında münasibətləri normallaşdıracaq sülh sazişinin yekunlaşdırılması istiqamətində davamlı irəliləyiş əldə etdiyini görməkdən şadam.
Mən sizi əmin etmək istəyirəm ki, Birləşmiş Ştatlar nəhayət, əsrlər boyu davam edən münaqişələrə son qoyacaq davamlı və şərəfli sülh sazişini dəstəkləməyə sadiqdir. Ermənistanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə təminat verən sülh sazişi təkcə, erməni xalqının təhlükəsizliyini və sabitliyini təmin etməyəcək, eyni zamanda bu, bütün Cənubi Qafqaz regionunu dəyişdirəcək.
Bildiyiniz kimi, sülh müqaviləsinin qalan maddələrinin yekunlaşdırılması əzmkarlıq, ixtiraçılıq və kompromis tələb edəcək. Bununla belə, siz vətənpərvərliyi siyasətdən üstün tutmaqla cəsarətlə və ardıcıl olaraq sülh yolunu seçmisiniz və mən sizi bu il müqaviləni yekunlaşdırmağa çağırıram.
Sizin kimi, mənim administrasiyam da sülhə yol açmağa kömək edəcək cəsarətli təşəbbüslər göstərməyə hazırdır. Mən Avropa məsələləri üzrə baş direktorum Maykl Karpenterdən sizə atmağa hazır olduğumuz bəzi addımlar barədə məlumat verməsini xahiş etdim və Azərbaycanla müzakirələr barədə rəyinizi bildirmək istərdim.
Ötən ay Nyu-Yorkda BMT Baş Assambleyasında qeyd edildiyi kimi, indi BMT Nizamnaməsinə və onun əsas sülh prinsiplərinə yenidən əməl etməyin vaxtıdır. Daha parlaq gələcək əlçatandır və onu əldən verməmək üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm”.