Paris Fransanın nüvə qüvvələrinə nəzarətin NATO-ya verilməsi ehtimalını istisna edir.
Bunu Belçikanın “L'Echo” qəzetinə müsahibəsində Fransa Silahlı Qüvvələrinin naziri Sebastien Lekornu deyib.
“Fransa müstəqil nüvə dövlətidir. NATO-nun hərbi strukturuna qayıtdıqdan sonra Fransa Nüvə Planlaşdırma Qrupuna qoşulmadı; onun silahlı qüvvələri hələ də milli nəzarət altındadır”, - deyə nazir vurğulayıb.
Nazir hesab edir ki, Aİ strateji məsələlərdə daha avtonom olmalıdır. “Biz öz təhlükəsizliyimizi Vaşinqtona həvalə etməməliyik. Təhlükəsizliyimizlə bağlı qərarları Konqres və ABŞ prezidenti verməlidirmi? Mən belə düşünmürəm”, - deyə Lekornu qeyd edib.
Müdafiə rəisi bildirib ki, Avropa muxtariyyəti ehtiyatlara və silah istehsalına nəzarət etmək qabiliyyətini də əhatə edir. Onun sözlərinə görə, 2026-cı ilə qədər hipersəs raketləri ilə mübarizə apara bilən Avropa hava hücumundan müdafiə sistemini yerləşdirmək planlaşdırılır.
1966-cı ilin martında Fransa prezidenti Şarl de Qoll respublikanı NATO-nun hərbi strukturundan çıxarmaq qərarına gəlib. Bundan sonra Fransa öz suverenliyinin tam miqyaslı bərpasına qayıtmaq niyyətində olduğunu bildirib. De Qoll ona qarşı təhlükəni ilk növbədə Fransada Müttəfiq hərbi qüvvələrin mövcudluğunda və onların ölkənin hava məkanından istifadəsində görürdü.
Fransa 2009-cu ilin aprelində öz ərazisində alyans bazalarını yerləşdirmədən NATO-nun hərbi strukturuna qayıdıb.