Ermənistan parlamenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament layihəsini müzakirə edir.
Bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, əgər tərəflər reqlamenti imzalayıbsa, o zaman ratifikasiya da eyni vaxtda aparılmalıdır.
M.Qriqoryan qeyd edib ki, reqlament sərhədin delimitasiyası üzrə komissiyaların işi üçün hüquqi əsasları tamamlayacaq, bundan əlavə sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin təhlükəsizliyi və iqtisadi təminatı üçün əlavə mexanizmlər yaradacaq. Reqlament, həmçinin bütün dövlətdaxili prosedurlardan keçməli olan "Dövlət sərhədi haqqında" beynəlxalq müqavilənin imzalanmasını nəzərdə tutur.
Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur. Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.