ER xarici işlər naziri Ararat Mirzoyan “3+3” regional platformasının nazirlər görüşündə çıxış edib.
“Hörmətli nazir Fidan,
Hörmətli nazirlər və tərəfdaşlar,
İstanbulda “3+3” regional məşvərət platformasının nazirlər toplantısının təşkilinə görə Türkiyəyə və həmkarım Hakan Fidana minnətdarlığımı bildirmək istəyirəm.
Ermənistan regional məsləhətləşmələrə və təmaslara böyük əhəmiyyət verir. Davamlı və səmimi dialoq, insanlar arasında təmasların təşviqi, ticarət-iqtisadi əlaqələrin bərpası, o cümlədən regional təşəbbüs və proqramların inklüzivliyinin təmin edilməsi mövcud ziddiyyətlərin aradan qaldırılması, ölkələrimiz arasında daha yaxşı əməkdaşlığa, inkişafa və firavanlığa nail olmaq üçün mühüm ilkin şərtlərdir.
Biz inanırıq ki, bu məqsədə nail olmaq üçün bütün regional aktorların məsuliyyətli yanaşmaları və konstruktiv səyləri regionda sülh və sabitliyin bərqərar olmasına böyük töhfə verəcək.
Hörmətli həmkarlar,
Uzun müddətdir inklüziv və ayrıseçkiliyə yol verilməyən nəqliyyat əlaqələrinin tərəfdarı kimi Ermənistan regionumuzda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında həqiqətən maraqlıdır. Regional əlaqələrin möhkəmləndirilməsi ilə bağlı baxışımız bir il əvvəl Ermənistanın baş naziri tərəfindən təqdim edilən “Sülhün kəsişməsi” təşəbbüsündə aydın şəkildə öz əksini tapıb.
Bu layihənin əsas məqsədi avtomobil yollarının, dəmir yollarının, boru kəmərlərinin, kabellərin və elektrik xətlərinin yenidən qurulması, tikintisi və istismarı vasitəsilə regionda və ondan kənarda bütün ölkələr arasında kommunikasiyaları inkişaf etdirməkdir. Bu layihənin həyata keçirilməsi üçün dörd prinsip vacibdir: bütün dövlətlərin suverenliyinə və yurisdiksiyasına hörmət, eyni zamanda bərabərlik və qarşılıqlılıq. Həyata keçirilərsə, “Sülhün kəsişməsi” qlobal logistik marşrutların ayrılmaz hissəsinə çevrilərək, yüklərin daşınmasında daha yüksək sürət və səmərəliliyi təmin edə bilər.
Mən şadam ki, bu təşəbbüs bir çox tərəfdaşlarımız tərəfindən müsbət qarşılanıb və İran onların arasında birincilərdən olub. Ticarət və kommunikasiya əlaqələrimizi genişləndirmək üçün qarşılıqlı öhdəlik götürən Ermənistan Şimal-Cənub avtomobil yolunun tikintisi istiqamətində fəal praktiki addımlar atır, Çabahar limanından istifadənin faydalarını qiymətləndirir və ölkələrimiz arasında yol ödənişlərinin qarşılıqlı şəkildə azaldılması istiqamətində işlər görür.
Sərhəd xidmətlərimizin imkanlarını və qonşularımızla gömrük nəzarətini daha da inkişaf etdirən Ermənistan Sərhəd Xidməti 2025-ci il yanvarın 1-dən Ermənistan-İran sərhəd-keçid məntəqəsindəki əməliyyatları tam şəkildə öz üzərinə götürəcək. Bununla əlaqədar, Rusiya Federasiyasının müvafiq orqanlarına bu illər ərzində göstərdikləri dəstəyə və xidmətə görə minnətdarlığımı bildirmək istəyirəm.
Hörmətli həmkarlar,
Mən həmçinin elan etməkdən məmnunam ki, Ermənistan və Türkiyə arasında körpünün birgə qiymətləndirilməsindən sonra Ermənistan Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsinin tikintisini və texniki yenilənməsini artıq başa çatdırıb. Bundan əlavə, Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün texniki tələblərin birgə qiymətləndirilməsi barədə artıq razılığa gəliblər. Bu, Ermənistan və Türkiyə arasında birbaşa uçuşların təsdiq edilməsi və hava yüklərinin daşınmasına qoyulan qadağaların qarşılıqlı olaraq aradan qaldırılması ilə bağlı artıq icra olunmuş qərarları tamamlayır.
Ermənistan və Türkiyə arasında Gümrü-Qars dəmir yolunun istifadəyə verilməsi Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsi ilə birlikdə dərhal Fars körfəzi, Qara dəniz, Xəzər dənizi və Aralıq dənizi arasında səmərəli əlaqəni təmin edəcək.
Bu baxışı nəzərə alaraq, hamınızın bildiyi kimi, biz Azərbaycana dəmir yolu infrastrukturumuzu yenidən işə salmağı, sərhəd-keçid və gömrük prosedurlarını sadələşdirməyi, hər iki ölkənin suverenliyinə və yurisdiksiyasına tam hörmətlə yanaşaraq bəzi əlavə təhlükəsizlik mexanizmlərini təqdim etməyi təklif etdik.
Sonda bir daha təsdiq etmək istərdim ki, Ermənistan səmimi şəkildə maraqlıdır və BMT Nizamnaməsinin prinsiplərinə, yəni suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin bölünməzliyi və siyasi müstəqillik prinsipləri əsasında regional kanalların inkişafına və qonşuları ilə qarşılıqlı asılılığın gücləndirilməsinə töhfə vermək öhdəliyini artıq dəfələrlə nümayiş etdirib.
Təşəkkür edirəm”.