Avropa Parlamentinin Almaniyadan olan deputatı Mixael Bloss Azərbaycanda neft-qaz sektorunun fəal tənqidçisi doktor Qubad İbadoğlunun azad edilməsi tələbi ilə imzatoplama kampaniyası başladıb.
Kampaniya Azərbaycanın bu il COP29 Ümumdünya İqlim Konfransını qəbul etməyə hazırlaşdığı bir vaxtda başladılıb.
Blossun müraciətində prezident Əliyev insan hüquq və azadlıqlarının müdafiəçilərinə qarşı repressiyalara son qoymağa çağrılır, doktor İbadoğlunun həbsinin beynəlxalq iqlim konfransını qəbul edən tərəf kimi Azərbaycanın nüfuzuna xələl gətirdiyi vurğulanır. Müraciətdə həmçinin Azərbaycanda bütün siyasi məhbusların dərhal azad edilməsi, ölkədən Rusiya qazının nəqlinə son qoyulması və qlobal iqlim məqsədlərinə uyğun olaraq, Azərbaycanda neft və qaz hasilatının dayandırılması tələb edilir.
“İqlim böhranı kollektiv fəaliyyət və azad ideya mübadiləsini tələb edir”, deyə Bloss bildirib.
Müraciətdə iqlimin və insan hüquqlarının qorunmasının qarşılıqlı əlaqəsi vurğulanır, həmçinin hər ikisinin qorunması üçün beynəlxalq dəstək göstərilməsi çağırışı yer alır.