Oktyabrın 18-də İstanbulda Cənubi Qafqaz məsələsi üzrə “3+3” platforması çərçivəsində keçiriləcək danışıqlarda Gürcüstan tərəfi təmsil olunmayacaq. Bu barədə TASS-a Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Xeyr, biz iştirak etməyəcəyik. Gürcüstan çoxdan elan etmişdi ki, göstərilən formatda işləmir”, - mətbuat xidmətinin nümayəndəsi bildirib.
2020-ci ilin sonunda Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq formatı (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) təşəbbüsü ilə çıxış ediblər. Bu format daha sonra "3+3" adını aldı. Rusiya və İran bu ideyanı alqışlayıb, Ermənistan da bu formata qoşulub. Gürcüstan isə təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb. 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətçi regional platformanın ilk iclası keçirilib. Xarici işlər nazirləri səviyyəsində sonuncu görüş 2023-cü ilin oktyabrında Tehranda keçirilib.