Hüquq müdafiəçiləri Fransa hökumətini Fransada beynəlxalq himayə istəyən şəxslərin təhlükəsizliyini təmin etməyə çağırıblar. “France 24” yazır ki, Amnesty İnternational beynəlxalq insan haqları təşkilatı öz bəyanatında azərbaycanlı dissidentlərin qətli ilə bağlı qeyd edib.
Fransadan sığınacaq alan Vidadi İsgəndərli prezident İlham Əliyevin dövründə Azərbaycan hakimiyyətini sərt tənqid edib və bloq yazıb. Bazar günü üç maskalı şəxs Myuluz şəhərində öz mənzilində yatan 62 yaşlı kişiyə hücum edərək onu bıçaqlayıb. Rayon prokurorluğundan verilən məlumata görə, daha sonra o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
“Vidadi İsgəndərlinin zorakılıqla öldürülməsi effektiv və operativ şəkildə araşdırılmalıdır. Biz Fransa hakimiyyətini onun qətlinin bütün mümkün motivlərini, o cümlədən onun ölkədən çıxarılmasına səbəb olan dissidentin Azərbaycan prezidenti və hökumətini tənqid etməsini nəzərə almağa çağırırıq”, - Amnesty-nin Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalya Nozadze bəyanatında bildirib.
Bu, son illərdə Fransada yaşayan mühacirətdə olan azərbaycanlının bıçaqlı hücuma məruz qalması ilə bağlı ikinci hadisədir.
Hüquq müdafiəçiləri beynəlxalq ictimaiyyətin yaxın həftələrdə Azərbaycanda insan haqlarının vəziyyətinə daha çox diqqət yetirəcəyini gözləyirlər. Qazla zəngin ölkə noyabrda BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 konfransına ev sahibliyi edəcək.
Əliyev hüquqmüdafiəçi təşkilatlardan tərəfindən mütəmadi olaraq keçmiş sovet respublikasında insan hüquqlarını pozmaqda ittiham olunur.
“Fransada Əliyev rejiminin əleyhdarları hücuma məruz qalır, onlardan biri bu gün dünyasını dəyişib. COP29-un Bakıda keçirilməsi ayıbdır”, - Avropa məsələləri üzrə keçmiş nazir, deputat Natali Luazo öz X bloqunda yazıb.
Azərbaycanlı fəallar Avropada Əliyevə qarşı mübarizə aparan fəalların digər ölüm hallarının da tam araşdırılmasına çağırıblar. 2021-ci ildə onlardan biri İstanbulda, digəri Tiflisdə dünyasını dəyişib.