Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesindəki pozitiv dinamikadan razıdır və münasibətlərin tam normallaşmasına hazırdır.
Bunu Türkiyənin “Anadolu” agentliyinə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
“Biz Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının müsbət dinamikasından məmnunuq, lakin hesab edirik ki, daha çox şey etmək olar, xüsusən də söhbət münasibətlərin tam normallaşması, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasından gedir”, - Kostanyan bildirib.
Kostanyan Ərdoğan və Paşinyan arasında danışıqları çox müsbət adlandırıb, çünki hər iki lider bir-birinin mövqeyini anlamaq istəyi nümayiş etdirib.
O, sərhədin üçüncü ölkə vətəndaşları və diplomatları üçün açılması kimi məsələlərlə bağlı əvvəlki razılaşmaları, 2022-ci ilin iyulunda Vyanada normallaşma danışıqlarının dördüncü raundu zamanı əldə olunmuş razılaşmanı qeyd edib: “Biz bir daha təsdiq etdik ki, Ermənistan tərəfi hazırdır. Biz bütün lazımi infrastruktur və texniki hazırlıqları həyata keçirmişik və sazişin icrasına başlamağa hazırıq”.